Offside Sport Media bu gün 11 yaşını qeyd edir.
Azərbaycanın geniş oxucu auditoriyasına malik idman saytlarından biri olan Offsideplus.az 2013-cü il 29 iyunda “Facebook” sosial şəbəkəsində “Offside” səhifəsinin yaradılması ilə təsis edilib. “Offside” fəaliyyətinə Offside adı ilə “Facebook” və “Instagram” sosial şəbəkələrində başlayıb və qısa vaxt ərzində 100 000-dən çox izləyici səddini keçib.
Sosial şəbəkələrdəki aktivlik nəticəsində 2014-cü ildən etibarən eyniadlı idman saytı yaradılıb.
Saytın əsas məqsədi ölkə idmanının inkişafına və ölkədə futbola marağın artmasına töhvə verməkdir. “Offside” missiyası izləyici auditoriyasını dünya və Azərbaycan idmanında baş verən hadisələr barədə operativ xəbərlər ilə təmin etmək və ölkənin çoxtirajlı idman mətbuatı olaraq idmanın inkişafına xidmət etməkdir. Offsideplus.az Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2023-cü ildə ilin idman saytı seçilib.
Geniş komanda tərkibinə sahib olan "Offside Sport Media" 2023-cü ildə genişlənərək, döyüş növlərini işıqlandıran Fighting.az və basketbol idman növünü özündə əks etdirən Azbasketbol səhifələrinin əsasını qoyub.
“Offside” qeyd olunan istiqamətlər üzrə fəaliyyətini daha da genişləndirməyi və qarşıya qoyduğu məqsədlər üzrə nailiyyətlər qazanmağı planlaşdırır.