Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Peşəkar idman və tibb” kitabının təqdimatı keçirilib.
Offsideplus.az xəbər verir ki, MOK-un baş Katibi Azər Əliyevin də iştirak etdiyi tədbir MOK-un inzibatı binasında baş tutub.
Ulu Öndərin xatirəsinə ithaf edilmiş kitabın yazılması ideyası, tibb və idman mövzusunun aktuallığı, peşəkar idmanın və tibbin Azərbaycanda əsas inkişaf tendesiyalarını əhatə edib. "Peşəkar idman və tibb” kitabının müəllifləri Olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov və Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri, “Xarı Bülbül" Şuşa Voleybol klubunun prezidenti, dosent Fatma Hacıyevadır.
Təqdimatda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseyinzadə Azərbaycan tibbinin inkişafından və tibb elminin strukturunda idman təbabətinin yerindən bəhs edib. Çingiz Hüseynzadə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində realllaşdırılan bu layihənin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru Fərid Mansurov idmanın tarixinin, onun cəmiyyətdəki mahiyyətinin, ölkəmizdə keçirilən ən mötəbər idman tədbirlərinin qələmə alındığı kitabın ideyasından danışıb.
Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri Fatma Hacıyeva kitabda peşəkar idmanın inkişafında tibbin rolunun şərh edildiyini bildirib. O qeyd edib ki, kitabda ən müxtəlif idman növləri üzrə çalışan peşəkar idmançılara göstərilən tibbi yardımın xüsusiyyətləri qələmə alınıb. Kitabın yazılmasında qarşıya qoyulan əsas prioritet məsələlər, istifadə edilən informasiya mənbələri Azərbaycan tibbinin inkişafı, tibb elminin strukturunda idman təbabətinin yerini əhatə edib.
Çıxış edən MOK-un Ədalətli Oyunlar Komisiyasının sədri Xəzər İsayev, Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva, Uşaq reabilitasiya mərkəzinin direktoru Nərgiz Əliyeva, ADBTİA-nın Tədris elmi laboratoriyasının aparıcı reabilitoloqu Hakim İbrahimov, AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Hacıyeva, Taekvondo üzrə Avropa və Dünya çempionatlarının mükafatçısı Fəridə Əzizova Olimpiya Oyunları iştirakçılarının sağlamlıq məsələləriinin, onlara göstərilən tibbi yardımıın xüsusiyyətlərinin araşdırıldığı kitab haqda fikir bildiriblər
Qeyd edək ki, kitabın rəyçiləri MOK-un Ədalətli Oyunlar Komisiyasının sədri Xəzər İsayev, Reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərovdur.