İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı növbəti detal üzə çıxıb.
Offsideplus.az Aysor.am-a istinadən xəbər verir ki, stilistik studiyanın rəhbəri Aram Nikolyan bayrağımızı Ermənistanın baş naziri Nikol Paşinyanın nümayəndələrinin əmri əsasında yandırıb.
Paşinyan daha sonra Azərbaycan bayrağını yandırdığına görə Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Aram Nikolyan bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq, bayrağımızın yandırılmasının qəbuledilməz olduğunu və millimizin bu yarışdan imtina etdiyini bildirib. Qurum idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.