Argentina millisinin qapıçısı Emiliano Martinez DÇ-2022-də qazandığı qızıl medalı qorumaq üçün xüsusi təlim görmüş it alıb.

Offsideplus.az xəbər verir ki, "Aston Vİlla"nın qolkiperi Belçika cinsi olan çoban iti üçün 20 min funt-sterlinq ödəyib. Bu barədə "Daily Star" məlumat yayıb. 

Bu itlərin çəkisi 30 kq-a qədərdir. Böyük Britaniya və ABŞ-dakı elit hərbi hissələr onlardan tez-tez döyüş missiyaları üçün istifadə edirlər.

"Elite Protection Dogs"dan alınan it indi Martinezin həyat yoldaşı, oğlu və qızının da yaşadığı evini qoruyacaq.

Qeyd edək ki, şirkətin müştəriləri arasında “Tottenhem”in və Fransa millisinin qapıçısı Huqo Loris, həmçinin “Çelsi” və İngiltərə yığmasının keçmiş müdafiəçisi Eşli Koul və boksçu Tayson Fyuri də var.