Antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyən olunması məqsədi ilə Azərbaycanın sədrliyi ilə Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) növbəti iclası baş tutub.

Offsideplus.az  xəbər verir ki, AMADA-nın direktoru, GECA-nın rəhbəri Şəfəq Hüseynlinin sədrliyi ilə keçirilən iclasda Norveç, Danimarka, Finlandiya, Polşa, Sloveniya və Rumıniyanın, habelə Ümumdünya Antidopinq Agentliyi, Beynəlxalq Olimpiya Komitəsi, UEFA, Avropa İttifaqının İdman Təşkilatı (EU Athletes) Avropa Şurasının katibliyinin nümayəndələri və  gender bərabərliyi üzrə ekspertlər iştirak edib.

İclasda GECA-nın indiyədək olan fəaliyyəti, görülən işlər və qarşıdakı illər üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb.

Şəfəq Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası ilə bağlı komitə üzvləri iclaş iştirakçıları üçün sözügedən işin gedişatı ilə bağlı ətraflı məruzə edib. Bildirilib ki, layihənin icrasının birinci mərhələsi  Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alındığı ətraflı təhlilindən ibarətdir. Həmin sənədlərin siyahısı artıq hazırdır və buna uyğun işlər aparılır.

Şəfəq Hüseynli bununla bağlı konkret iş bölgüsünü həyata keçirib və ilin sonunadək layihənin birinci mərhələsinin yekunlaşdırılması üçün müvafiq tapşırıqlarını verib.  Şəfəq Hüseynli əlavə edib ki,  gələn ilin əvvəlindən isə layihənin  icrasının ikinci  mərhələsinə - milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunması səviyyəsini müəyyən etmək üçün sorğuların keçirilməsinə start veriləcək və bununla da bağlı müvafiq hazırlıq işləri görülməlidir.

Komitənin gələcək fəaliyyət istiqamətləri haqqında da danışan Şəfəq Hüseynli bildirib ki, antidopinq qurumlarının idarəetmə və qərarverici orqanlarında qadınların iştirakının artırılması, antidopinq sahəsini tənzimləyən beynəlxalq və yerli qanunvericilikdə gender məsələsinin əks olunması və dopinq nəzarəti prosesində gender xüsusiyyətlərindən irəli gələn həssas məsələlərin nəzərə alınması əsas prioritetlərdir. Bu mövzuda çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi  təmsil etdiyi qurumuna gender bərabərliyi məsələsinə çox həssas yanaşdığını, bu baxımdan GECA-nın fəaliyyətini dəstəklədiklərini və bununla bağlı öz təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib. Layihənin birinci mərhələsinin icrası ilə bağlı iclasda iştirak edən digər təşkilat və ölkələrin nümayəndələri də  öz təkliflərini bildirib.

Təklifləri doğru hesab olunan Şəfəq Hüseynli bildirib ki, komitənin növbəti iclası bu ilin noyabr ayında baş tutacaq. Həmin iclasda Avropa Şurası Nazirlər Komitəsinə təqdim etmək üçün  layihənin icrasının birinci mərhələsi ilə bağlı hesabat hazırlanacaq.   

Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsi – GECA “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini dəstəkləmək və icra etmək məqsədi ilə yaradılıb. Bu barədə Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) ötən ilin noyabrında keçirilən 55-ci iclasında qərar verilib. Beynəlxalq səviyyədə böyük marağa səbəb olan və Avropa Şurası Nazirlər Komitəsini tərəfindən dəstəklən layihə CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilib. Komitənin fəaliyyətinin və layihənin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.