"Barselona"nın qabonlu futbolçusu Pyer-Emerik Obameyanq evinə girən oğruların hücumuna məruz qalıb.
Offsideplus.az İspaniyanın "El Pais" nəşrinə istinadən xəbər verir ki, avqustun 28-indən 29-na keçən gecə, saat 03:00 radələrində baş verən soyğunda, əllərində silah və dəmir dəyənəklər olan 4 oğru hasardan atılaraq hücumçunun Barselona əyalətinin Kasteldefels şəhərində yerləşən evinə girib. Quldur dəstə 33 yaşlı oyunçuya hücum edib, daha sonra isə futbolçunun həyat yoldaşını silahla təhdid ediblər.
Təhdidlər nəticəsində Obameyanqın həyat yoldaşına şifrəli seyfi açdıran və içindəki daş-qaşları oğurlayan oğrular, hadisə şahidlərinin sözlərinə görə, ağ avtomobillə hadisə yerini tərk ediblər.
Qabonlu forvardın həyat yoldaşı polisə məlumat verib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.