Peşəkar Futbol Liqası Ramin Musayevin qurumun prezidenti vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, PFL-in açıqlamasında Musayevin səhhəti ilə bağlı istefa verdiyi bildirilib.
14 ildir PFL prezidenti olan Ramin Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi”nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.
2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.
2012-ci ilin 3 iyulunda növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.