Lüksemburq millisinin futbolçusu Loran Yans sentyabrın 1-də baş tutacaq Azərbaycanla dünya çempionatının seçmə mərhələ oyunu barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, yerli mətbuata danışan 29 yaşlı müdafiəçi Azərbaycan millisinin zəif və güclü tərəflərini bildiklərini deyib:
"Millinin heyətində Azərbaycana qarşı 4 oyun keçirmişəm. Bu matçların üçündə heç-heçə etmişik, birində isə qalib gəlmişik. Ümid edirəm ki, bu rəqibə qarşı məğlubiyyətsizlik seriyası qarşıdakı görüşdə də davam edəcək. Hər iki kollektiv bir-birini yaxşı tanıyır. Bu, həm rəqib, həm də bizim üçün üstünlük ola bilər. Çünki aramızdakı oyunların üstündən elə də çox vaxt keçməyib. Azərbaycanın zəif və güclü tərəflərini bilirik. Eyni sözləri rəqib barədə də demək olar. Onlar da bizi yaxşı tanıyır. Oyunlar hər zaman bərabər səviyyədə keçib. Düşünürəm ki, yenə belə olacaq. Hər iki komanda meydana qələbə üçün çıxacaq".
Qeyd edək ki, Lüksemburq - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.