Azərbaycanlı startapçılar tərəfindən yaradılan "Eleven Kings" oyunu braziliyalı futbol əfsanəsi Ronaldinyo ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlayıb. Müqavilə ABŞ-ın Mayami şəhərində imzalanıb.
Offsideplus.az xəbər verir ki, müqaviləyə əsasən Ronaldinyo "Eleven Kings" oyununun təbliğatında geniş iştirak edəcək. Futbol əfsanəsinin çoxmilyonluq sosial media hesablarında "Eleven Kings" oyunu barədə mütəmadi olaraq məlumatlar veriləcək, Ronaldinyo startapın təşkil etdiyi tədbirlərdə iştirak edəcəkdir. Həmçinin "Eleven Kings" reklam və marketinq məqsədilə Ronaldinyonun adından və imicindən istifadə hüququ əldə edib. Sabiq futbolçu bu əməkdaşlıq qarşılığında şirkətdə pay sahibi olacaq.
Startapın təsisçisi Orxan Rzayev əməkdaşlıq barədə fikirlərini bölüşüb: "Bu, bizim komanda üçün tarixi gündür. Dünya futbolunda özəl yeri olan bir futbolçu ilə ortaq iş görmək həyəcanlıdır, həm də böyük potensial vəd edir. Düşünürəm ki, bu əməkdaşlıq bizə həm imic olaraq, həm də biznesin qlobal miqyasda yayılması olaraq ciddi faydalar verəcək. Ronaldinyo kimi biznes tərəfdaşı qazanmaq azərbaycanlı startap komandası üçün böyük uğurdur.
Qeyd edək ki, "Eleven Kings" futbol menecer oyunudur. Startap 2017-ci Bakıda təsis olunub, 2020-ci ilin Mart ayında İsveçrənin Lozanna şəhərində şirkətləşib.