"İdman TV" bu il İngiltərə Premyer Liqası oyunlarını yayımlamayacaq.
Bu barədə telekanalın direktoru Rövşən Binnətli Offsideplus.az-a açıqlamasında deyib:
"Danışıqlarımızın istənilən nöqtəyə çatması üçün çox çalışdıq. Lakin kommersiya məsələlərində bir çox məqamlar vardı ki, razılaşmaq heç cür mümkün olmadı. Biz məsələnin sırf yaradıcı tərəfinə cavabdehik və yalnız bunu icra edirik. Digər məsələlər isə kommersiya strukturlarının işidir. Onlar bizdən fikir alır, tövsiyələrimizi eşidir və buna uyğun hərəkət edirlər. Əfsuslar olsun ki, ötən mövsümün sonunda baş verən anlaşmazlıq bu il də davam etdi. Danışıqlar səmərəli olmadı. Bu il Premyer Liqa oyunlarını yayımlamayacağımız dəqiqdir".
İPL oyunlarının yayımlanması barədə ünvanladığımız suala "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov belə cavab verdi: "Hələ bu haqda nə isə söyləyə bilməyəcəm. Hazırda ötən ildə göstərdiyimiz yarışlar qalmaqla, əlavə olaraq UEFA yeni turniri Konfrans Liqasında yayım hüquqları bizdədir. Yeni məlumat olduqda bu barədə açıqlama veriləcək".