“AFFA-dan gedib xahiş edə bilməzdim ki, mənə kömək et".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın klubun keçmiş mətbuat katibi Nurlan İbrahimov "Qafqazifo"ya açıqlamasında deyib. İbrahimovun "feysbuk"da ermənilərin Vətən müharibəsinin gedişində Bərdəyə terror hücumundan sonra etdiyi paylaşımı qitə futbol qurumu tərəfindən rasizm kimi qiymətləndirildi və ömürlük futboldan uzaqlaşdırıldı.
Sabiq klub rəsmisi əvvəlcə etdiyi paylaşımdan söz açıb, 15 illik “Qarabağ” karyerasını bitirən paylaşımın necə yazıldığını açıqlayıb:
“Qarabağ” mənim üçün heç zaman təkcə iş yeri olmayıb. İndi də özümü bu klubun bir parçası sayıram. 15 il öncə işə başlayanda da, bu belə idi, indi də belədir. Özümü qırılmış, küsmüş saymıram. Baş verən hadisələrə gəlincə, hər şey yadımdadır. Müharibəyə görə Avropa Liqasında İspaniyanın “Vilyareal” klubunu İstanbulda qəbul edirdik. Orada da mütəmadi olaraq ermənilərin bizim mülki əhaliyə qarşı etdiyi vəhşilikləri oxuyurdum, görürdüm. Öncə Gəncədən başladı və davamlı idi. İstanbulda yemək vaxtı idi və iş yoldaşlarımızla yemək süfrəsinə oturmuşduq. Həmin vaxt 7 yaşlı Aysunun atasının müsahibəsi çıxdı qabağıma. O deyirdi ki, “övladımın daxili orqanlarını əlimlə yığdım”. Ardınca da Bərdədə baş verən hadisəni əks etdirən foto ilə rastlaşdım. Uşaqlara dedim ki, mən dayana bilmirəm, bədənim əsir. Mənim də eyni yaşda qız övladım var.
Övladı olan bu duyğunu anlayar. Bütün bu hadisələrin fonunda mənim ictimai mövqeyim ikinci plana keçdi. İllərdir arzuladığın şeylərə çatmaq ərəfəsindəki bir vaxtda bu hadisələr təbii ki, adama başqa cür təsir edir. Uşaqlar dedi ki, səni heç vaxt bu vəziyyətdə görməmişik. Nəticədə o paylaşımı etdim və həmin an ölkədə əksər insanlar mənimlə eyni emosional vəziyyətdə idi. Əksəriyyət normal qarşıladı. Hər kəs bilirdi ki, düşmən tərəf bizi təxribata çəkir. İstanbuldan qayıdanda evə gəldim və balaca qızım üstümə qaçdı. Həmin an elə bildim ki, bomba partlayacaq, onun üzündəki gülüş donacaq. Dedim ki, yanıma qaçmasın. Ağrını bu cür hiss edirdim. Aysun mənim öz övladım kimidir, elə sayıram. Bir gün keçdikdən sonra Murad Arif mənə yazdı ki, səni başa düşürəm, amma bundan istifadə edə bilərlər. Təşəkkür elədim və bildirdim ki, “ölmək ölməkdir, xırıldamaq nə deməkdir?!”
İbrahimov hadisələrin UEFA səviyyəsində müzakirəsi və ona verilən ağır cəza barədə bunları deyib:
“Bizim klub rəhbərliyi və baş məşqçi daxil hər kəs mənim Azərbaycana necə bağlı olduğumu bilirlər. Qurban Qurbanov hətta mənə dedi ki, doğrudan bu paylaşımı sən etmisən? Çox emosional insan olsam da, heç kimi incitmək istəmərəm. Qohumlarım da mənə dedi ki, bu hadisə səni nə vəziyyətə gətirib ki, belə paylaşım etmisən. 3 gündən sonra paylaşım yayılmağa başladı. Klub prezidenti Tahir Gözəl mənə dəstək verdi. Demişdi ki, “Nurlan bizim uşağımızdır, 15 ildir ki, burdadır və sonuna qədər onun yanında olacağıq”. Klubda hər kəs mənə dəstək oldu, Qurban Qurbanov, Fevzihan Aras, Emrah Çəlikəl və başqaları. Mənim xeyli əcnəbi tanışım var və onlardan heç biri mənə irad bildirmədi. Dedilər ki, yazdığın ağırdır, amma biz səni başa düşürük. Hər sferadan insanlar mənə yazdı.
“Bunu niyə yazmısan?” deyənlər də oldu. Mən bu paylaşımı nəyisə göstərməkdən ötrü etməmişəm. Ermənilər mənə dayanmadan təzyiq göstərməyə çalışdılar, lakin sosial şəbəkə hesablarımı bağlamadım ki, deməsinlər ona hesablarını bağlatdırdıq. Ölkəmi çətin vəziyyətdə qoyduğumu düşünmürəm.
Cəzaya gəlincə, paylaşımdan 3 gün sonra ermənilər kütləvi şəkildə UEFA-dan tutmuş “Qarabağ”ın əməkdaşlıq etdiyi geyim markası “Adidas”a qədər hər yerə təzyiq etməyə çalışdılar. Erməni lobbisinin gücü bəllidir. Bu hadisə baş verəndə mən emosional durumda olmuşam, həmçinin klubun cəzası var, dövlətin cəzası var, azyaşlı övlada sahibəm, müharibə dövründə yazmışam-bütün bunlar nəzərə alınmalı idi.
10-a yaxın yüngülləşdirici səbəblər var. Məsələn, paylaşım artıq yoxdur, hesab qapalı hesabdır, ilk dəfədir ki, belə bir şey olub, əvvəllər analoji hadisə baş verməyib. UEFA maksimal maddələrlə günahlandırdı. Lakin bu hadisədə hərəkət, icraat yoxdur. Bu, niyyət xarakter daşıyır. Sonda ən maksimum cəzanı da verdilər. 100 min avro cərimə və ömürlük futboldan uzaqlaşdırmaq. Dünyada bir neçə vəkilə bu qərarı göndərdik və hamısı dedi ki, bu şərtlərdə belə cəza çox ağırdır.
Çoxu buna təəccüblənirdi. Hadisələrin gedişatı onu göstərdi ki, mütəşəkkil şəkildə hadisələr bu istiqamətə yönləndirilib. Şəxsi düşüncələrimə görə, ilk dəfə maksimum maddələrlə günahlandırıldığımı görəndə bildim ki, bu hüquqi yox, sifarişli yanaşmadır. Siyasi olaraq qərar veriblər. Dünyada xeyli sayda irqçi hərəkətlər olub. Digər tərəfdən, mən publik fiqur deyiləm. Lakin maddələri görəndə ətrafımı da, özümü də buna hazırlamışdım.
Cəza açıqlanandan sonra maraqlı hadisələr oldu. Azərbaycanda bir nəfər idman hüquqşünası var və o, Fərid Haqverdiyevdir. Mənə təmannasız olaraq yardım edir. Cəzadan sonra UEFA-ya yazdıq ki, biz sizin qərardan apellyasiya şikayəti verəcəyik. Qəbul olunduğunu bildirdilər. Biz də 5 gün ərzində öz etirazımızı hüquqi çərçivədə bildirdik. 10 gün keçdikdən sonra cavab göndərdilər ki, biz sizin apellyasiya şikayətinizi qəbul edə bilmərik. Çünki bundan neçə mərhələ öncə siz bizdən niyə cəzalandırılmağınızın səbəbini soruşmamısınız. Çox gülünc arqument idi. Normal apellyasiya şikayətində cəzalar yüngülləşməlidir. Hamı bilirdi ki, artıq bu siyasi sifarişdir. İstədikləri şeyi də həll etdik, lakin yenə cavab verdilər ki, sizin şikayətinizi qəbul edə bilmərik.
Biz indi CAS-a şikayət göndərmişik. Amma bilirsiniz nədən şikayət etmişik? UEFA-nın bizə şikayət hüququ verməməsindən. UEFA indi də CAS-a təzyiq edir. Maraqlıdır ki, qitə futbol qurumu bu məsələdə dünyanın ən bahalı hüquq şirkətlərindən istifadə edir və qarşılığında heç bir şey qazanmadan. Təsəvvür edin ki, onlar bu şirkətlərə yalnız 50, 100 milyonluq şikayətlər üçün müraciət edirlər. Hansı ki, oradan böyük pullar qazanırlar. Bu hüquq şirkətləri milyonluq ödənişlərlə iş görürlər. Sizcə, məndən heç bir qazancı olmayan UEFA bunu niyə etsin?”.
Nurlan İbrahimov “Qarabağ”dakı mətbuat xidmətinin rəhbəri postu ilə bağlı da fikirlərini açıqlayıb: “Qarabağ”da işləmək üçün insan xüsusi meyarlara sahib olmalıdır. Ən azından, klub azarkeşi olmasa belə, müəyyən keyfiyyətlər lazımdır. Mən CAS-dan əfv qərarı çıxsa belə, bir daha “Qarabağ”a mətbuat xidməti kimi qayıtmaram. Çünki daş yerində ağırdır. Orada sürücü, təmizlik işçisi və ya digər vəzifələrdə işləyərəm. Amma heç zaman klubun mətbuat xidmətinin rəhbəri olmaram. Bu, ən azından mənim 15 illik karyerama olan rəğbətimdən irəli gəlir”.
Sabiq klub rəsmisi AFFA-nın bu istiqamətdə hansısa iş gördüyünü düşünmədiyini də bildirib: “AFFA-dan gedib xahiş edə bilməzdim ki, mənə kömək et. Bir vətəndaş olaraq federasiya mənim işimin yüngülləşdirilməsi, cəzanın qaldırılması üçün müvafiq addımlar atmayıb. Hər hansı bir iş görüldüyünü də düşünmürəm”.