UEFA-nın "Qarabağ" və klubun rəsmisi Nurlan İbrahimov haqda çıxardığı qərar ölkədə birmənalı qarşılanmadı.

İbrahimov hər nə qədər günah sahibi olsa da, Avropanın ali futbol qurumunun həmkarımızı ömürlük futboldan uzaqlaşdırıb, klubu 187 min manat məbləğində cərimələməsi kifayət qədər ağır cəzadır. 

Offsideplus.az xəbər verir ki, azərbaycanlı idman jurnalistləri müxtəlif yollarla UEFA-ya etiraz etmək yolunu seçib. Siftə isə ölkənin tanınmış idman şərhçilərindən olan, "CBC Sport"un aparıcı əməkdaşlarından sayılan Rüstəm Əfsərli sosial şəbəkə hesabında Nurlan İbrahimova dəstək xarakterli status paylaşıb.

Əfsərli Azərbaycan milliləri, klubları və ölkəmizə bağlı tədbirlər xaric, UEFA-nın bayrağı altında keçirilən yarışları cəza yüngülləşməyənə qədər boykot etdiyini bildirib: "Mən, CBC Sport əməkdaşı Rüstəm Əfsərli deyil, Azərbaycan Respublikasının vətəndaşı, 18.01.1987-ci il təvəllüdlü Rüstəm Əfsərli Avropa Futbol Assosiasiyaları İttifaqı – UEFAnın bu, mənim fikrimcə, aşırı ağır, ədalətsiz qərarı ləğv edilməyənə yaxud, yumşaldılmayana qədər Azərbaycan Respublikası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan futbolunun mənafeyinə xidmət edən futbol, futzal, çimərlik futbolu, həvəskarlar, qadın futbolu və digər sahələr üzrə müxtəlif yaş qruplarından ibarət bütün milli komandaların, ayrı-ayrı klub və kollektivlərin iştirak etdiyi lokal tədbir və qarşılaşmalar istisna olmaqla, UEFA-nın bayrağı altında keçirilən bütün digər tədbir, yarış və oyunların işıqlandırılmasından, xəbər və ya reportajların hazırlanmasından şəxsim adına imtina edirəm. Səsim, yazım və imzam yalnız yuxarıdakı şərtlər altında – ölkəmizin, futbolumuzun həmçinin hazırda çalışdığım kanalın mənafeyini qoruyan və onu tanıdan UEFA tədbirlərində olacaq. Nümunə kimi: Azərbaycan millilərinin, klublarının, komandalarının beynəlxalq qarşılaşmaları, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, turnirlər, futbol oyunları və vəs . əlaqədar olan layihələr.

Bir daha qeyd eləyirəm: müvafiq qərar ləğv edilməyənə, yaxud yumşaldılmayana qədər. Söhbət Qarabağ FKnın mətbuat xidmətinin rəhbəri Nurlan Ibrahimovun futbolla ömürlük məşğul olmaq qadağası və kluba kəsilən 100 min avro cərimədən gedir.
Bu mənə sevdiyim Çempionlar Liqası, Avropa Liqası və digər yarışlardan bir jurnalist və şərhçi kimi kənarda qalmaq bahasına başa gələ bilər, amma olsun. Buna qədər Çempionlar Liqası finalını şərh etmədən yaşamışam, bundan sonra da bir şey olmaz, yaşayaram.
Möhkəm ol, dost!"

111