İtaliya millisinin sabiq futbolçusu Marko Materazzi DÇ-2006-nın finalında Fransa yığmasının eks yarımmüdafiəçisi Zinəddin Zidanla insidentinə vətənindəki reaksiyadan narazı qalıb.
Offsideplus.az xəbər verir ki, "Instagram" hesabında açıqlama verən Materazzi etiraf edib ki, Zidan Fransada müdafiə olunduğu halda, onu həmyerliləri incidiblər: "Onları əsl italiyalı adlandıra bilmərəm. Mən vətənpərvərəm, həmişə öz ölkəmin şərəfini qoruyuram. Onların tənqidləri dünya çempionatındakı qalibiyyətimizdən sonra məni hər şeydən artıq yaraladı. Bu insanlar finalda hesabı necə bərabərləşdirdiyimi gördülər. Onlar mənim gəzdiyim torpağı öpməlidirlər".
Qeyd edək ki, DÇ-2006-nın final matçının 110-cu dəqiqəsində Zidan onu və ailəsini təhqir etdiyi üçün Materazziyə kəllə vurmuşdu.
Uzun müddət Zidan Materazzi onun anasını və bacısını təhqir etdiyi üçün üzr istəməyəcəyini demiş, Materazzi isə Zidana dediyi ifadənin futbolçuların meydanda bir-birlərinə qarşı tez-tez işlətdiklərini demişdi.
Materazzi həmin finalın məhz bu insidentlə xatirələrdə qalmasından təəssüfləndiyini dilə gətirmişdi. İtalyan futbolçu Marko Materazzi finaldan 2 ay sonra Gazzetta dello Sport nəşrinə açıqlamasında Zidanın bacısına ünvanlı cinsəl ifadə işlətdiyini etiraf etmişdi: "Zidanla oyun epizodunda formasından çəkdim. Ardınca Zidan mənə tərəf dönərək, lağ edən tonda "formamı istəyirsənsə, onu sənə daha sonra verə bilərəm" dedi. Mən də cavab olaraq, 'bacını tərcih edərəm" dedim".
Ancaq Materazzi dediyi bu ifadəni Zidanın atmacasına qarşılıq məqsədi ilə dediyini və bunun provakasiya niyyəti ilə olmadığını bildirmişdi: "Gözəl bir cümlə olmadığını qəbul edirəm. Ancaq o zaman Zidannın bacısının olduğunu belə bilmirdim".
Zidan illər sonra etdiyi hərəkətə görə belə üzr istəmişdi: “Uşaqlardan, məşqçilərdən və futbolu inikal idman növünə çevirən bütün insanlardan üzr istəyirəm. Bu hadisə mənim futbolçu karyeramın bir hissədir. Əlbəttə, xoş olay deyil. Amma bu faktı qəbul etməliyik”.
İtaliya - Fransa finalında əsas və əlavə vaxt 1-1 hesabı ilə yekunlaşmış, penaltilər seriyasında İtaliya qalib gəlmişdi - 5-3.