“Sözsüz ki, yarışın ilk günündə çoxlu sayda qızıl medal gözləyirdik”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev açıqlamasında deyib.

O, Azərbaycan idmançılarının III MDB Oyunlarında çıxışını dəyərləndirib: "Təəssüf ki, dünən cəmi bir medalımız qızıl oldu. Ümid edirəm ki, bu gün nəticələr daha yaxşı olacaq. Nəzərə almaq lazımdır ki, bu, yeniyetmələrin yarışıdır. Yeniyetmələrdə də səhvlər çox olur. Bu yarışlar sayəsində səhvləri daha aydın görə bilirik. Gələcəkdə çalışacağıq ki, bunlar təkrarlanmasın. Məsələn, bəzən yeniyetmə idmançılar həddindən artıq çəki salır. Halbuki 3 kq-dan artıq çəki salmaq idmançının həm gələcəyi, həm də sağlamlığı üçün çox ziyanlıdır. Ümumilikdə götürəndə nəticə normaldır.  Sadəcə həm biz, həm də azarkeşlər qızıl medal görmək istəyir. Ümid edirəm ki, bu gün güləşçilərimiz bizləri sevindirəcək”.

Qeyd edək ki, Azərbaycan güləşçiləri yarışın ilk günündə biri qızıl olmaqla yeddi medal qazanıblar.