Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir başa çatıb.
Offsideplus.az xəbər verir ki, yarış Azərbaycan millisi üçün uğurlu alınıb - pəhləvanlarımız ümumilikdə 9 medal qazanıblar.
Turnirin son iki günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləş yarışlarında Ruslan Abdullayev (65 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Eyni çəkidə mübarizə aparan Musa Ağayev isə bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşində Ruslan Nurullayev (72 kq) və Tuncay Vəzirzadə (87 kq) çempionluq sevinci yaşayıblar. Nihat Məmmədli (63 kq) isə turniri bürünc mealla başa vurub.
Qeyd edək ki, yarışın ilk günündə idmançılarımız 4 medal əldə etmişdilər. Sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) bürünc, yunan-Roma güləşində isə Sərxan Məmmədov (130 kq) gümüş, Beka Kandelaki (130 kq) bürünc medala yiyələnmişdi.


