“İstərdim ki, on sərbəst güləşçimizin hər biri medal qazansın”.
Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında 17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev deyib.
O, Bakıda təşkil olunan U-17 dünya çempionatında milli komandanın çıxışını şərh edib:
“Dünya çempionatının başlanmasına ay yarım qalmış təyinatım oldu. Bu mənim məşqçi kimi ilk işimdir. Güləşçi olarkən nəticə qazanmaq başqa şeydir, məşqçi kimi çalışarkən uğur əldə etmək isə bir başqa. Bir məqamı da qeyd edim ki, yunan-Roma və qadın güləşi ilə müqayisədə sərbəst növdə ABŞ, Yaponiya və İran idmançıları çox güclüdürlər. Ona görə bizim üçün rəqabət bir az çətindir".
Hacı Əliyev gələcək hədəflərdən də söz açıb: “Sağlam nəsil yetişdirmək lazımdır. Bizim 8-9 dünya çempionumuz olardı, amma olimpiadada uğur qazana bilməzdik. Sağlam idmançılarımız olmalıdır. İdmanda məğlubiyyət də olur, qələbə də. Gəlin, məğlub olanlara dəstək olaq. Bu gün tənqid etsələr sabah idmanı ata bilərlər. Uşaqlar fərqli məşqlər gördülər, bundan sonra da o məşqlərlə davam edib, fərqli nəticələr göstərəcəyik".
Qeyd edək ki,Azərbaycanın sərbəst güləş milisi dünya çempionatını 1 gümüş medalla başa vurub. Yeganə mükafatı İbrahim Həsənov (51 kq) aktivinə yazdırıb.


