“Səfərdə bu qədər müdafiə olunmaq belə nəticəyə gətirib çıxardı”.
Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Azərbaycan milli komandasının İslandiyaya 0:5 hesabı ilə məğlub olmasından danışıb:
“İlk oyunumuz idi. İstərdik ki, millimiz uğurlu başlasın, ancaq təəssüflər olsun ki, məğlubiyyətlə üzləşdik. Təbii ki, məğlub olmaq olar. Rəqibin gücü bəllidir. Üstəlik, səfərdə oynayırdıq. Ancaq bu cür məğlubiyyət gözləmirdik. Demək olar ki, bütün komponentlərdə rəqibə uduzduq. İlk dəfə idi ki, millimizdən belə oyun görürdüm. Komanda 90 dəqiqə boyu müdafiəni düşünürdü. Xüsusilə də, ilk hissədə yığmamız topu ələ keçirəndən sonra tez bir zamanda itirirdi. Sanki qabağa getmək istəmirdi ki, arxada boşluqlar yaranmasın. Ancaq futbolçuları qınamaq olmaz. Görünən odur ki, verilən tapşırıq bu olub. Futbolda da 90 dəqiqə boyunca müdafiə olunmaq mümkünsüzdür. İstər-istəməz güc azalır, fiziki baxımdan da axsamağa başlayırsan. Nəzərə almaq ki, hazırda futbolçularımız oyun praktikasından əziyyət çəkir”.
Əsədov bildirib ki, yığma İslandiya ilə matçı yaddan çıxarıb, Ukrayna ilə oyuna köklənməlidir: “Təbii ki, məğlubiyyət acıdır, ancaq hələ qarşıda oyun var. Məşqçilər korpusu bu məğlubiyyətdən nəticə çıxarsa, evdəki oyuna komandanı başqa əhval-ruhiyyə ilə hazırlaşdırıb yaxşı oyun nümayiş etdirərlər. Mən inanıram ki, millimiz hər rəqibdən xal almağa qadirdir. Sadəcə olaraq, komandada ruh yüksəkliyini özünəinamı formalaşdırmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan - Ukrayna matçı sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



