Mövsümün sonunda “Qarabağ”dan ayrılacağı dəqiqləşən Pedro Enrike şəxsi “feysbuk” səhifəsində vida mesajı paylaşıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu ona Ağdam klubunda oynamaq imkanı yaradan hər kəsə minnətdarlığını bildirib:
“Bütün Azərbaycan xalqı və “Qarabağ”a birlikdə keçirdiyimiz mövsüm üçün “sağ ol” deyirəm. Bu, karyeramda həlledici anlardan biri oldu və mən burada keçirdiyim 9 ayı hər zaman böyük sevgi ilə xatırlayacağam. Meydana çıxdığım bütün oyunlarda var gücüm və ürəyimlə oynamağa çalışdım. Çünki bu komandada oynamaq mənim üçün həmişə xoş idi və bu cür də qalacaq. Özümü sizə borclu hiss edib gedirəm. Mənə Ağdam camaatı üçün oynamaq imkanı yaratdığınıza görə sizə hər zaman minnətdar olacağam. Mənə qucaq açdıqları üçün bütün futbolçulara, texniki heyətə, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm. Allah sizdən razı olsun”.
Qeyd edək ki, Enrikenin müqavilə ilə məxsus olduğu Yunanıstanın PAOK klubuna qayıdacağı gözlənilir.