AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanmış müzakirələrdən sonra Birinci Divizion təmsilçiləri haqda qərar verdi.
Məlum oldu ki, “Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK və “Zaqatala” FK lisenziya tələblərinin öhdəsindən gələ bilmədikləri üçün bu klubların növbəti mövsümdə Premyer Liqada iştirakı mümkün deyil.
Səbəb məlumdur: pulsuzluq. Futbol dili ilə desək, sponsorsuzluq. Klublar AFFA-ya bank təminatı təqdim edə bilmədikləri üçün kənarda qalmağa məhkumdur. İllərdir bu cür davam edən vəziyyət düzələnə oxşamır. Nə aşağı dəstədən elitaya komanda yüksəlir, nə də Premyer Liqadan “aşağı” düşən olur.
Maraqlıdır, Premyer Liqada iştirak etmək müraciəti qəbul olunmayan klubların rəhbərləri məlum qərarla bağlı nə düşünür? Onların düşüncəsi nədir? Qərardan apellyasiya şikayəti etmək fikirləri varmı?
Məsələ ilə bağlı "Kəpəz"in mətbuat katibi Azad Mustafayevlə danışdıq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Kəpəz" sırf maliyyə meyarını yerinə yetirə, bank təminatı verə bilmədiyinə görə lisenziya əldə edə bilmədi. Maliyyə ilə bağlı vəziyyət hələ də düzəlməyib. Ona görə də indiki məqamda apellyasiya vermək düzgün olmaz. Çünki müsbətə doğru dəyişən heç nə yoxdur.
Bununla belə, klub maliyyə axtarışları yönündə işləri davam etdirir. Rəhbərlik tərəfindən sponsor tapmaq üçün səy göstərilir".