"Artıq çempionatın sonuna yaxınlaşırıq. Oyunlar getdikcə daha da gərgin keçir. Bu gün də futbolçularda gərginlik var idi. Düşünürəm ki, psixoloji cəhətdən daha güclü olan komanda qalib gəldi. Futbolçularıma təşəkkür edirəm. Qalan iki matçda çalışacağıq ki, hər kəs öz adına və gələcəyinə görə oyunu yaxşı səviyyədə keçirsin. "Neftçi" qələbəyə layiq idi. Bizdən üstün oynadılar. Təbrik edirəm onları. Növbəti oyunlara hazırlaşacağıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqamızın 26-cı turunda öz meydanında "Neftçi"yə 0:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib.
O, Amil Yunanovun əvəzlənməsi və Rauf Əliyevin zədələnməsi barədə danışıb:
"Zədəsi var idi. Ayağında burxulma var idi, həftəiçi ağrılarla məşq etmişdi. Bu gün bizi üzə Raufun zədələnməsi oldu. Hazırda xəstəxanadadır, həkim müdaxiləsinə ehtiyac var".
40 yaşlı mütəxəssis komandada arxayınlığın olmadığını bildirib.
"Düşünmürəm. Arxayınlıq deməzdim, sadəcə rəqib daha istəkli idi. İstədikləri alındı. Bizdə əhval-ruhiyyə o səviyyədə deyil. Müqayisə etməyə dəyməz. Digər komandalarla "Neftçi" və "Qarabağ" arasında səviyyə baxımından uçurum var".