"Neftçi"nin futbolçusu Stiven Jozef-Monroz Premyer Liqanın 20-ci turunda "Səbail"ə qarşı vurduğu qoldan sonra fərqli qol sevincinin səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi televiziyasında yayımlanan "Piramida" verilişinə müsahibə verən 31 yaşlı hücumçu tribunaya doğru qaçaraq eynək göstərməsi barədə bu sözləri deyib:
"Bu, sadəcə zarafat idi. Klubumuzun prezidenti Kamran Quliyev oyundan bir gün əvvəl gəlib məndən "Adın nədir" deyə soruşdu. Mən uzun vaxt idi ki, qol vurmurdum. Həmçinin demək olar ki, məhsuldar ötürmələrim də yox idi. Mən də dedim ki, adımı xatırlamırsınızsa, bunu sizə oyun zamanı nümayiş etdirəcəyəm. Qol vurduqdan sonra tribunalara bu formada baxaraq, klub prezidentini axtardım. Sonra da formamı göstərdim ki, adımı xatırlasın. Bu, sadəcə onunla bağlı idi. Yəni eynəklik nə isə yox idi (gülür - red.)".
"Neftçi"nin çempionluq yarışından bəhs edən fransalı oyunçu bunu əldə etməyin asan olmadığını dilə gətirib: "Klubla müqaviləm mövsümün sonunda bitir. Buna görə də mütləq burada çempion olmağı arzulayıram. Bilirsiniz ki, "Qarabağ" uzun illərdir ki, çox yaxşı çıxış edir. Biz isə komanda olaraq, döyüşürük. Döyüşürük ki, çempion olaq. Müqaviləmin bitməsindən əvvəl çempion olsaq, buna sevinəcəyəm. Bu, həm özüm, həm də komandam üçün çox yaxşı olacaq".