“Məncə, hər iki komanda qalib gəlmək istəyirdi.
Hər iki komandanın da qol imkanları oldu. Ancaq bizim şanslarımız daha çox idi. Sadəcə, fürsətlərdən istifadə edə bilmədik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Keşlə"nin futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə səfərdə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, hər iki komandanın meydanda sonadək mübarizə apardığını bildirib:
"Meydan əladır. Qəbələdə əsl futbol havası var idi. Komandamızı təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdik. Qarşıdakı matçlara baxırıq".
29 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun finalı haqda da danışıb:
"Həmin vaxta çox var. Çempionatda hələ 2 qarşılaşmamız var. Oyundan-oyuna istəyirik ki, qalib gələk, komandanın əhval-ruhiyəsini pozmayaq və yüksəldək. Deməzdim ki, bu, finalın "repetitsiyası" idi. Hər iki komanda oyunlara eyni hazırlaşır. İndi necə hazırlaşdıqsa, Qəbələdəki finala da elə hazırlaşacağıq. Kim güclü olacaq, o da qalib gələcək. Ona görə də hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda 90 dəqiqədə açıq futbol oynadı. Nə biz heç-heçə istəyirdik, nə də onlar. "Qəbələ"nin mərkəz müdafiəçiləri künc zərbələri zamanı bizim cərimə meydanına gəlmirdisə, bu, mənə aid olan məsələ deyil".
V.Cavadov finalın Qəbələdə keçirilməsi haqda danışmağa ehtiyac olmadığını söyləyib:
"Buna əvvəldən qərar verilib. Hara təyin ediblərsə, orda da oynayacağıq. Finalın Qəbələdə keçirilməsinin rəqib üçün heç bir üstünlüyü yoxdur. Bu matç da "Qəbələ"nin meydanında oldu. Ancaq gördüyünüz kimi, yaxşı oynadıq, qol şansımız çox oldu, xal qazandıq. Harada deyəcəklər, orada da oynayacağıq. Sadəcə, qazona öyrəşmək məsələsi var. Süni örtükdə oynadığımızdan buna öyrəşmişik. Yəqin ki, final qabağı son məşqlərimizi təbii otda keçirəcəyik və hər şey qaydasında olacaq".
V. Cavadov sonda karyerası barədə danışıb:
"Mövsümün sonunda klubla müqaviləm bitsə də, hələ heç nə qərar verməmişəm. Allahın köməyilə finaldan sonar qərar verərik”.