Bu gün Ağdamın işğaldan azad olunduğu gündür.
27 il 5 aydan sonra ürəyində Ağdamın həsrətini çəkənlərin üzü gülür. Artıq Ağdam düşmən tapdağında deyil, bizdədir. Bu gün üzü gülənlərdən biri də ağdamlı, uzun illər "Qarabağ"ın formasını geymiş, "İmarət"də saysız oyunlara çıxmış Müşfiq Hüseynovdur. Hazırda "Qarabağ"da Qurban Qurbanovun köməkçisi kimi çalışan Hüseynovun sevincini sözlə ifadə etmək mümkün deyil.
Offsideplus.az-ın əməkdaşı bu gözəl gündə Müşfiq bəylə əlaqə saxlayıb, ona gözaydınlığı verdi və təbii ki, içindəkiləri dilinə gətirməyi xahiş etdi: "Qeyd etdiyiniz kimi, sevincimin həddi-hüdudu yoxdur. Mənim, eləcə də ağdamlılar üçün xüsusi bir gündür. Ağdam düşmən əsarətindən xilas oldu. Bircə qalır ordakı həyatı canlandırmaq, Ağdamı əvvəlki həyatına qaytarmaq. Bu dəqiqə qarşımızda duran əsas məqsəd budur. 20 noyabr həyatıma ən əlamətdar gün kimi həkk olundu. Bundan gözəl gün olacaq bizim üçün? 28 ilə yaxın idi torpaq üzünə həsrət qalmışdıq. İnsan 1-2 gün xaricə gedir, evi üçün burnunun ucu göynəyir, ocağına qayıtmaq üçün ürəyi partlayır. 28 ildir torpaq həsrəti çəkirdik".
Sözsüz, Hüseynovun gələcək adına Ağdamla bağlı arzuları var. Hansı arzulardır? Müqəddəs torpaqlarda nə görmək istəyir?: "Çox dərin sual oldu. Qısa cavab verməkdə çətinlik çəkirəm. Biz o torpaqlarda öz cavanlığımızı gözəl yaşamışıq, xoş xatirələrimiz var. Arzum budur ki, Ağdamda 30-40 il əvvəlki günləri yaşayaq. Düzdü, bizim yaşımız keçib. Heç olmasa, balalarımız, gənclərimiz bizim yaşadıqlarımızı yaşasın, Allah onlara o gözəl günləri nəsib etsin. Ağdamda, Şuşada, Laçında, Cəbrayılda, bütün Qarabağ torpaqlarında yaşayıb, vətənpərvər kimi böyüməyi arzu edirəm onlara".
Ayaq açıb yeridiyin, gənclik illərini keçirdiyin, xoş xatirələrlə zəngin diyarı unutmaq mümkün deyil. Müşfiq Hüseynov da Ağdama gedəcəyi günü səbirsizliklə gözləyir: "Torpaq həsrətindəyik hamımız. İcazə versələr, bu dəqiqə gedərik. Təəssüf ki, bu dəqiqə ordakı vəziyyət ürəkaçan deyil. Hər yer minalanmış ərazilərdir. Bu dəqiqə ora kor-koranə getmək intihara cəhd etmək kimi bir şeydir. Allahın izni ilə hər yer təmizlənsin, icazə verilsin, dərhal gedəcəm. Evimizi gözüyumulu gedib taparam. Baxmayaraq ki, orda heç nə qalmayıb, hər yer dağılıb. Amma yenə də evimizin yeri olan torpağı bağlı gözlərlə taparam".
Həmsöhbətimiz fürsətdən istifadə edib, sonda bir çox şəxslərə təşəkkür etmək istədiyini bildirdi: "Bu işdə başımızı uca edən Azərbaycan Ordusu oldu. Əsgər və zabitlərimizin qarşısında baş əyirəm. Hər biri başımızın tacıdır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Valideynlərinin əllərindən öpürəm, Allah onların yaxınlarına, doğmalarına səbr versin. Ömrümüv boyu onlara borclu olacağıq".