"Düzünü desəm, bu qədərini düşünməmişdim. Təəssüf ki, belə bir halla üzləşmişik. Hələ ki, gözləmə mövqeyindəyik. Ümid edirəm ki, həmin günlər yenidən gələcək, hər həftə oyunlar öz növbəsində keçiriləcək".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Zirə"nin üzvü Elvin Camalov deyib.
Yarımmüdafiəçi çempionatın ləğv olunma ehtimalında da danışıb. 26 yaşlı futbolçu avrokuboklara vəsiqənin təyin olunmasında problemlərin yaşanacağını bildirib:
"Hazırda konkret heçnə bilinmir. Lakin indiki sıralamaya əsasən çempionat ləğv olunsa, bizə haqsızlıq olacaq. Avropa Liqasına vəsiqə qazanmaq şansımız var. Digər tərəfdən də kubokda yarımfinaldayıq. Hər tərəfli şansımız var. Arzu edirəm ki, tezliklə oyunlar bərpa olunsun. Bütün matçlar keçirilsin və sonda layiq olan komanda Avropa Liqasına vəsiqə qazansın".
Elvin Camalov Türkiyə klublarının onunla maraqlanması haqda da danışıb:
"Bu işlərlə menecerim məşğul olur. 3 klubun mənimlə maraqlandığını bilirəm. Çempionatımızın taleyi bəlli olduqdan sonra "Zirə" rəhbərliyi ilə bu barədə danışacam. Hər futbolçunun arzusudur ki, ölkə xaricində iddialı komandada çıxış etsin. İndi əsas məsələ futbolun bərpa olunmasıdır. Transferlə bağlı konkret təklif olanda bunu mütləq dəyərləndirib, karyeramı ölkə xaricində davam etdirəcəm. Bu, mənim əsas məqsədlərimdən biridir".
Qeyd edək ki, Elvin Camalovla Türkiyənin "Çaykur Rizəspor", "Ankaragücü" və "Ərzurumspor" klubları yaxından maraqlanır.