Azərbaycan millisi 2018-ci ildə ilk ev oyununu keçirdi.

Yığmamız Qurban Qurbanovun baş məşqçi kimi yerli publika qarşısına çıxdığı ilk matçda Belarusa minimal hesabla uduzdu – 0:1.

Yığmanın dünənki görüşdəki çıxışı, qeydə alınan nəticə və ümumiyyətlə, komandada hər hansı dəyişikliyin olub-olmaması haqda idman mətbuatı nümayəndələrinin, mütəxəssislərin fikirlərini öyrəndik...

Saleh Arslan: (Korner.az saytının baş redaktoru): “Əvvəllər gördüyümüz geri ötürmələr, Kamranı topla ən çox oynayanlar siyahısına qatmaq cəhdləri, əks-hücumlarda həlledici ötürmə səhvləri və s. Yeganə müsbət məqam futbolçuların əvvəlki oyunlardakından daha istəkli oynamaları idi. Çalışırlar, qaçırlar, mübarizə aparırlar, amma hiss edirsən ki, lazımi səviyyədə deyil icra mexanizmi”.

Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru): “Nəticə xoş deyil. Amma düzü, ilk yarıdakı oyun ümid verdi. Bu, hələ eksperimental heyət idi. Ən əsası, məşqçi nəticəni düşünmədiyini, bütün namizədlərə şans vermək istədiyini göstərdi. Doğrusu, məndə ümid yarandı. Kadr çatışmazlığı aşkardı. Amma Qurban Qurbanov əlində olan oyunçularla maksimuma çalışır, taktikasını oturtmağa səy göstərir. Bir qədər səbr etmək lazımdı. 2 sınaq matçına görə bu qədər basqı doğru deyil. Əsas odur ki, düzgün istiqamət götürülüb. Fantastik nəticəyə inanmayaq, amma bu komanda əvvəlkilərdən daha yaxşı olacaq”.

Kənan Məstəliyev (Rekord.az saytının baş redaktoru): “Belarusla görüşdə nəticə yaxşı olmasa da, bədbinliyə qapılacaq bir şey görmədim. Əksinə, birinci hissədə nümayiş etdirilən oyun xoşuma gəldi və Qurban Qurbanovun bundan sonra hansı oyun tərzinə, sistemə üstünlük verəcəyi göründü. Fasilədən sonra isə məşqçi əlinin altındakı az qala bütün oyunçulara şans vermək istədi. Bunun mənfi tərəfi o oldu ki, bərabərlik topunu vura bilmədik, üstəlik, o qolu vurmaq üçün nə edəcəyimizi anlayana qədər xeyli vaxt keçdi. Məğlubiyyətə haqq qazandırmaq olmaz, ancaq ümumi mənzərə o qədər də pis deyil. Qurbanov hələ Makedoniya ilə oyunda da, sonra maydakı görüşlərdə də eksperimentlər aparacaq, heyəti yoxlayacaq, taktiki gedişləri sınaqdan keçirəcək. Hər şey Millətlər Liqasında görünəcək. Səbrli olmalıyıq. Onsuz da başqa yolumuz yoxdu. İndidən bədbin notlara köklənsək, sonda enerjimiz qalmayacaq”.
 
İbrahim Cəfərov (Futbolxeber.az saytının baş redaktoru): “Nəticə təbii ki, ürəkaçan deyil. Yoxlama oyunu olsa belə, məğlubiyyət hər zaman üzücüdü. Komandanın ifasında qeyri-adi nəsə görmədik. Hər halda, Qurban Qurbanov hələ ki, eksperiment aparır. Fikrimcə, dünən meydanda olanların təxminən yarısı rəsmi matçlar üçün heç milliyə dəvət almayacaq. Hər xırda detalı müzakirə etmək çox uzun çəkər. Qısaca deyim ki, məncə, iki ciddi problem göründü. Biri qol vurmamaqdı. İki oyunda komanda fərqlənə bilməyib. Baxmayaraq ki,şanslar var idi. Digər əsas problem müdafiənin mərkəzidi. Rəşad Sadıqov kimi liderə, həqiqətən də, ehtiyac var”.
 

Sənan Abdullayev (Xəzər TV): “Bəlkə də, mövzudan kənara çıxmaqla başlayacam. Amma məncə, bizim futbol camiəsi olaraq hədəflərimizdə hələ də qeyri-müəyyənlik var. O qədər boşluqlarımız var ki, istəyirik, hamısını yeni gələnlər həll eləsin, özü də qısa müddətdə. Millətlər liqasında oynayacağıq. Yəni hansısa tədbirə gedəcəyik, amma, əynimiz biabırçı durumdadı. Ayağımızda "valenki", əynimizdə idman şalvarı, ağ köynək, üstündən də rəngbərəng qalstuk. Potensial gülüş mənbəyiyik. Çünki baş katibimiz klublara prezident kursları yaradıb, PFL prezidentimizin baş məşqçi məsləhətxanası var, özümüz də dirəşmişik ki, hamı gəlib millidə oynamalıdı. Qurban Qurbanov da deyir, yaxşı. Belarusla oyunda da belə oldu. İndi hamımız sevinirik ki, öz komandasında yaxşı oynayanların hamısı millisində haqq etdiyi yeri alıb. Həqiqətən gözəldi. Amma cəmi 5 ay sonra Millətlər Liqasında oynamalıyıq, özü də qalib olmaq istəyirik. Qurban Qurbanov 6 illik müqavilə bağlasa da, faktiki 5 ay ərzində bütün yaş qruplarını toparlamalı, nizam-intizam gətirməli və nəticə verməlidi. Belə olanda isə istənilən halda, tələskənlik olacaq. Məncə, Belarusla oyunda yaxşı çıxış etdik. Məğlub olsaq da, qorxmadıq. Nəsə yaratmağa çalışdıq. Tələskənlik durumunda alternativlər gördük. Gördük ki, Ruslan Qurbanov millidən doyub. Gördük ki, Nazarov yaxşı oyunçu olsa da, yenə yuxarıdan aşağı baxır. Bir də "qozbeli qəbir düzəldər" məsəlinə də əmin olduq. Araz Abdullayevlə Elvin Yunuszadəni deyirəm”.
 
Tahir Süleymanov (Futbol mütəxəssisi): “Millinin son oyunu yoxlama xarakterli olsa da, çox müzakirə olunur. Təbiidi. Dəyişiklərdən sonra gözləntilər çoxdu. İlk növbədə hər kəs dərk etməlidi, Azərbaycan millisi hər birimizindi və yığmada"mənim komandam", "mənim heyətim" təfəkkürünə son qoymaq lazımdı. Bəli, bu gün baş məşqçi Qurban Qurbanov milliyə cavabdehdi, seçim hüququna malikdi. Milli nə deməkdi? Milli ölkə futbol sisteminin nə dərəcədə çalışdığının son mərhələsi, göstəricisidi. Baş məşqçi amili son dərəcə önəmli faktordu. Hətta Braziliya kimi futbol ölkəsində Dunqa qısa müddətdə millilərini məhv etmişdi. Baxmayaraq ki, eyni gücə sahib 2-3 yığma formalaşdırmaq olardı.

Azərbaycanda durum fərqlidi. Tək millinin oyunu müzakirə olunmamalıdı. Futbolda olan ümumi durum təhlil olunmalıdı. Fikir verin, tək əsas milli deyil, bütün yaş qrupları üzrə yığmalar eyni durumdadı.

Belə davam etsə, yaxın 5-10 ildə də heç bir ciddi uğur olmayacaq. 10 il bundan öncə deyilən sözlər, "2016-da milli finallarda olacaq" vədləri yaddan çıxıb artıq. Elə etmək lazımdı ki, indiki vədlər də 5-6 ildən sonra acı təəssüflə yada düşməsin.

Azərbaycan futbol ölkəsidi. Müharibənin qızğın vaxtlarında, şəraitin olmadığı illərdə, stadionlara düşmən "qrad"ların düşdüyu zamanlarda Qurban Qurbanov, Zaur Tağızadə, Rəşad Sadıqov kimi futbolçular yetişirdi. İndiki şəraitdə daha səviyyəli, keyfiyyətli futbolçular olmalı idi. Baş məşqçi meydanda əlinin altında olan futbolçularla müəyyən sistem quracaq. Əsas isə meydandan kənarda, Azərbaycan futbolunda yeni sistemin qurulmasıdı. Yeni-yeni legionerlərin axtarışına çıxmaq lazım deyil, bölgə futbolu dirçəlməli, uşaq-gənclər futbolunda köklü dəyişiklər edilməli, keyfiyyət yüksəlməlidi.

Şoranlıq torpaqlar barlı sahələrə çevrilməsə bar verə bilməz.

Belarusla görüşdə Qurban Qurbanov yeni futbolçuları yoxladı. Millətlər Liqasına kimi 3-5 ay vaxt var. İndi heyəti nizamlamasa, yeniliklər etməsə, sonra zaman olmayacaq. Yunanov kimi futbolçuları geniş ictimaiyyət də meydanda əyani görməli idi. Hər bir futbolçu üçün şansdı. İstənilən oyunda qazanılan qələbə özünəinamı artırır. Əsas Millətlər Liqasındakı final qələbəsidi. Yetərincə vaxt var.

Ən mənfisi artıq "təbliğat" mexanizminin işə düşməsidi. Yaxşısı, bir referendum keçirsinlər, FIFA-ya müracət etsinlər ki, Azərbaycanı Asiyaya keçirsinlər. Banqladeş, Nepal, Kamboca kimi ölkələrlə oyunlarda bəlkə cəsarətli olarlar...

10-12 ildə Azərbaycan futboluna xərclənən vəsaitlə tək qrupumuzda yer alan Farer Adaları, Malta, Kosovo deyil, Millətlər Liqasında yer aldığımız Divizionun bütün millilərinə illərlə sponsorluq etmək olardı.

Məğlub psixologiyalı təbliğat, təbliğat deyil, anti- təbliğatdı.

Bu gün Qurban Qurbanova obyektiv olaraq dəstək verməliyik. İctimaiyyət isə ümumi futbolda yaradılacaq doğru futbol sistemini onlardan gözləyir, ümid edir. Meydanda istənilən keyfiyyətli yolun açarı uğura apara biləcək ümumi sistemin yaradılmasından keçir".

Mənbə: Futbolpress.az