“Neftçi” klubunun baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə oyun haqda fikirlərini bölüşüb:
- Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Güclü komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən hər zaman bunu gözləyirlər. Heyf ki, alınmadı. Onlar hər zaman qələbəyə layiqdirlər. Sabah “Forza Neftçi”nin ad günüdür. İnanıram ki, qarşıdakı oyunlarda onları sevindirəcəyik.
- Qapı xəttindəki dəyişiklik nə ilə bağlı idi?
- Bizim iki təcrübəli qapıçımız var, hər ikisinə güvənməliyik. Aqil Məmmədov Türkiyədəki toplanış zamanı da özünü yaxşı tərəfdən göstərmişdi. Sadəcə, seçimimizi bu gün belə etdik.
- İlk hissədə Monrozu 2 dəfə məşq etməyə göndərdiniz. Dario Frederikonu əvəzləmək istəyirdiniz?
- Dario taktiki gediş var idi ki, onu başa düşmürdü. Amma getdikcə vəziyyəti düzəltdi.
- Qol üçün nə çatmadı?
- Qol vurmaq istəyirdik. Namiq Ələskərovun epizodunda bir az dəqiqlik çatmadı. Üstəlik, “Qarabağ”ın müdafiəçiləri də yaxşı oynadı.
- Bu heyətlə çempion ola bilərsiniz?
- Bu, futboldur. Futbolçularla aramızda uyğunlaşma önəmlidir. Zamanla bu məsələni daha yaxşı düzəldəcəyik.