"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" ilə oyunundan (0:0) sonra mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, o, əvvəlcə heç-heçəni şərh edib.
- Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. 1 xal çox lazım idi. Rəqib istəkli oynadı. Bu da başadüşüləndir. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandır belə mübarizəli oyun olmurdu. Bu, komandamız üçün çox faydalı olacaq.
- İkinci hissədə üstünlük “Neftçi”də idi. Bu, ehtiyatlı oynamaq tapşırığınızla bağlı idi, yoxsa yorğunluq oldu?
- Ehtiyat məsələsi deyildi. Son 10 gündə 3-cü oyunumuzdur. Bəzi futbolçularda yorğunluq var idi. “Neftçi”ni də nəzərə almalıyıq. Çox istəkli idilər, xal fərqini azaltmaq istəyirdilər. İki fərqli hissə oldu. Fasilədən sonra yorulduq və texniki səhvlər çoxaldı. Bu da başadüşüləndir. Yorğunluq olanda hissiyat zəifləyir. “Neftçi”nin sürətli, texnikalı futbolçuları var. İstənilən halda, komandadan razı qaldım.
- Xaymenin zədəsi nə yerdədir?
- Demək olar ki, düzəlib. Komanda ilə cəmi iki məşq edib. Bu da tam aktiv olmayıb. Sabahdan tam məşqlərə başlayacaq. APOEL-lə oyuna kimi hazır olacaq. “18-liy”ə daxil edəcəyik.
- Mahir son dəqiqələrdə zədələndi. Vəziyyəti necədir?
- Mahirdə ola bilər ki, zədə ciddidi. Əzələ zədəsidir. Sabah tam bilinəcək.
- APOEL-də yenidən baş məşqçi dəyişikliyi ola bilər...
- Bu barədə qəti düşünmürük. Bizim üçün vacib olan öz performansımızdır. Futbolçuları tam hazır vəziyyətə gətirməliyik. Ağır perioddayıq. Dəyişiklik olsa da, olmasa da ciddi hazırlaşacağıq.(qol.az)