Azərbaycan Premyer Liqasının XVII turunda “Zirə”ni qəbul edəcək “Neftçi” oyuna itkilərlə çıxacaq.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov bu görüşdə 4 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Bunlar müdafiəçilər Məhəmməd Mirzəbəyov və İlkin Qırtımov, yarımmüdafiəçi Rəşad Sadiqov və hücumçu Elnur Cəfərovdu.
Mirzəbəyov və Cəfərov zədəli olduqlarından “Zirə” ilə görüşü buraxacaqlar. Həm Məhəmməd, həm də Elnurun gələn həftədən məşqlərə başlayacağı bildirilir.
Qırtımov və Sadiqov isə cəzalı olduqları üçün meydana çıxmayacaqlar. İlkin sarı vərəqə limitini doldurduğundan, Rəşad isə “Sumqayıt”la qarşılaşmada qırmızı vərəqə aldığından, bu dəfə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu fevralın 24-də keçiriləcək.