“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub.
Offsideplus.az xəbər verir ki, yubiley Topaz Premyer Liqasının 21-ci turunun “Səbail”lə səfər matçına təsadüf edib. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına 2:1 hesablı qələbə qazandıran braziliyalı “Qarabağ”da keçirdiyi 168-ci çempionat matçında “40”a çatıb.
2012/13 mövsümündən Ağdam klubunda çıxış edən Almeyda ilk çempionatında 13 dəfə fərqlənib. O, 2013/14 mövsümündə 6, 2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 9, 2016/17 və 2018/19 mövsümlərində 2, 2017/18 mövsümündə 5 qol vurub.
Qeyd edək ki, Riçard ilk qolunu 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda (6:1) rəqib qapısından keçirib.