“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqanın 21-ci turunda “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı milliləşdirilmiş futbolçu əvvəlcə qələbəni şərh edib.
-Razıyam, çətin oyun oldu. Ümumiyyətlə, çempionatda asan oyun yoxdur. Bu gün əsas komandanın əzmkarlığını qeyd edərdim. Əvvəlki formamızı bərpa etməyə başlayırıq. Bir məqsədimiz var: bütün oyunlarda qələbə qazanmaq. Bugünkü matça gəlincə, ilk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. İkinci hissədə daha çox qol imkanımız oldu. Xarakter göstərdik. Xal itirə bilməzdik. Bu gün qazandığımız 3 xala görə sevincliyik.
- Artıq qarşıda 1 dövrə qalıb. Ümidiniz varmı ki, mövsümün sonunda “Neftçi”ni qabaqlaya biləcəksiniz?
- Əlbəttə, futboldur. Hər şey ola bilər. Həm “Neftçi”, həm də “Qarabağ” yaxşı komandadır. Bu gün onlar bizdən öndədirlər. Bu da normal haldır.
- Bu mövsüm “Qarabağ” “Səbail”, “Zirə” kimi komandalarla oyunlarda çox əziyyət çəkir. Bu, nə ilə bağlıdır?
- Komandalar çox artırıblar, heyətlərinə yaxşı futbolçular qatıblar. Ona görə oyunlar çətin keçir. Nəzərə alaq ki, biz ardıcıl 5 il çempion olmuşuq. Bu səbəbdən bütün komandalar bizi məğlub etmək istəyirlər.
- Mahir Mədətovun bu qədər qol fürsətini boşa verməsi barədə nə deyə bilərsiniz?
- Hər bir futbolçunun çətin dövrləri olur. Ona dəstək olmaq lazımdır. Amma Mahir öz üzərində işləyən futbolçudur. Həmişə məşqdən sonra qalıb, çalışır. Dəstək çox önəmlidir. Məsələn, Koutinyonu götürək, neçə oyun idi qol vurmurdu. Azarkeşlər ona dəstək oldu. Səhv etmirəmsə, son oyunda qol da vurdu. Əsas odur ki, komanda yoldaşlarının dəstəyini hiss etsin.
- “Səbail” dünyaca tanınmış futbolçu Maykl Esyeni heyətinə qatır. Bu gün oyunu da tribunadan izlədi. Buna münasibətiniz maraqlı olardı...
- Esyen kimi futbolçuların Azərbaycana gəlməsi çempionat üçün yaxşı reklam olar, Premyer Liqanın səviyyəsini qaldırar. Onun oyunlarını çox izləmişəm. Dəyər verdiyim futbolçulardan biridir. Çempionlar Liqasının qalibi olub. Bizim üçün də xoşdur ki, belə bir futbolçu Azərbaycana gəlib.
- Qarşıda milli komandanın oyunları var. Xorvatiya ilə səfər matçından nə gözləmək olar?
- Yeni baş məşqçinin başçılığı altında məşqə çıxacağıq. Oyun fəlsəfəsini biləcəyik. Əlbəttə ki, Xorvatiya çox güclü rəqibdir. Dünya çempionatının finalçısıdır. Amma gələcəyi görmək olmur. Biz də çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq.(qol.az)