"Səbail"in hücumçusu Ruslan Qurbanov müsahibə verib.
Offsideplus.az xəbər verir ki, komandasının qış fasiləsindən sonrakı çıxışını dəyərləndirən futbolçu "Neftçi" ilə qarşıdakı oyuna da toxunub.
- Son iki oyunda səni meydanda görmürük. Heç adın iştirak ərizəsində də olmur. Bu, nə ilə bağlıdır?
- "Keşlə" ilə oyunda ciddi zədə aldım. Amma şükürlər olsun ki, əməliyyata ehtiyac olmadı. Bu səbəbdən son 2 turu buraxmaq məcburiyyətində qaldım. Artıq hazırlığa qoşulmuşam. Qaçıram, məşq edirəm. Heç bir ağrım yoxdur. Düşünürəm ki, bu templə davam etsəm, baş məşqçi şans verəcəyi təqdirdə "Neftçi" ilə matçda 10-15 dəqiqə oynaya bilərəm.
- "Səbail" fasilədən sonra keçirdiyi 3 oyunda 6 xal qazanıb. Komandanın çıxışı barədə nə deyə bilərsən?
- 3 oyundan 6 xal götürmüşüksə, məncə, bu, yaxşı göstəricidir. Amma daha yaxşısını da edə bilərdik. Qarşıda hələ 11 tur var, hər şey ola bilər. Öz mövqeyimizi saxlamaq və Avroliqaya düşmək istəyirik. Amma buna qədər qarşımızda duran tapşırıqları yerinə yetirməliyik.
- Ən yaxın izləyiciniz "Qəbələ"dən 4 xal öndəsiniz. Necə düşünürsən, fərqi qoruyub-saxlamaq mümkün olacaq?
- Yenə deyirəm, qarşıda hələ 11 oyun var. Hər şey dəyişə bilər. Hələ "Qəbələ" ilə oyunlarımız var. Tələsmək istəmirik. Hər oyuna final matçı kimi baxmalıyıq. Düşünürəm ki, onda nəticə özü gələcək.
- Avroliqaya vəsiqə qazana bilməsəniz, fiasko sayılacaq?
- Hər şey mümkündür. Ona görə də təmkinli olmalı, baş məşqçinin bizdən istədiyi oyunu göstərməliyik. Bunu edə bilsək, mövsümün sonunda sevinən tərəf biz olacağıq.
- Bu tur sizi "Neftçi" ilə çətin səfər oyunu gözləyir. Həmin qarşılaşma barədə nə düşünürsən?
- Bu mövsüm artıq iki dəfə "Neftçi" ilə qarşılaşmış və hər ikisində uduzmuşuq. Bu dəfə yaxşı nəticə qazanmaq istəyirik. "Neftçi" son turda 2 xal itirdiyindən "Qarabağ" onlara yaxınlaşdı. Odur ki, bizi udmaq üçün hər şeyi edəcəklər. Hesab edirəm ki, yaxşı oyun alınacaq və uğur bizim tərəfimizdə olacaq.
- Qış fasiləsində komandaya iki yeni hücumçu qoşuldu. Oke Akpoveta və İmanol İriberrinin gəlişi səni narahat etmir?
- Düzünü desəm, yeni hücumçunun gəlişini gözləyirdim. İkisi birdən alındı. Hər zaman rəqabətə hazıram. Bu, mənim də xeyirimədir.
- Son olaraq, millinin yeni baş məşqçisi Nikola Yurçeviçlə bağlı fikirlərini bilmək maraqlı olardı...
- Yurçeviçlə bağlı onu deyə bilərəm ki, mən bu məşqçini Moskva "Lokomotiv"indən tanıyıram. Ümumilikdə, yaxşı mütəxəssisdir. Pis olsaydı, böyük klublarda işləməzdi. Düşünürəm ki, bizə faydası olacaq.(Qol.az)