"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 3-cü turunda PSJ ilə keçirilən 2:4 hesablı oyunda komandasının yetərincə təravətli olmadığını bildirib.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis bu qarşılaşmanın onlar üçün əla sınaq olduğunu və hansı sahələrdə inkişaf etməli olduqlarını göstərdiyini deyib.
Flik həmçinin bir çox müsbət məqamların da olduğunu vurğulayıb:
"Hesab edirəm ki, hər iki komanda fantastik oyun göstərdi. Biz səhvlərə və top itkilərinə yol verdik, bunları təhlil etməliyik. Oyunçular təravətli olmayanda səhv edirlər. Son həftələr çox gərgin keçib və futbolçularımın mentalitetini yüksək qiymətləndirirəm. Bu gün də bu, hiss olunurdu. Çox yaxşı məqamlar oldu, amma "Sevilya" ilə oyundan sonra olduğu kimi, komanda gec qayıtdı və bərpa üçün kifayət qədər vaxtımız olmadı. Bu, bəhanə deyil, sadəcə izah edirəm ki, niyə bu gün ən yaxşı səviyyəmizi göstərə bilmədik. Oktyabrda titullar qazanılmır, Çempionlar Liqasının taleyi iyunda həll olunur".


