"Monako"nun baş məşqçisi Filipe Luis Fransa Liqa 1-in üçüncü turunda "PSJ" üzərində qazandıqları 2:1 hesablı qələbə barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Filipe Luis mövsümə uğurlu start verdiklərini bildirib: "Bizim üçün çox yaxşı başlanğıcdır. Lakin sakitliyimi qoruyuram, çünki hər oyuna ayrıca yanaşmaq lazımdır. Futbolçularımın həm oyunu, həm də əzmkarlığı məni çox sevindirdi. Onlar dünyanın ən güclü komandalarından birinə qarşı təkcə taktiki baxımdan deyil, davranışları ilə də fərqləndilər. Baş məşqçi kimi əsas məqsədim nəticədən əlavə, oyunçularımdan maksimumu almaqdır".
O, "PSJ"nin baş məşqçisi Luis Enrike ilə söhbətinə də toxunub: "Luis Enrike mənim üçün təkcə dünyanın ən yaxşı məşqçisi deyil, o, futbol tarixinin ən yaxşılarından biridir. Oyunçularına münasibəti, komandalarını necə hazırlaması məni heyran edir. Ona qarşı oynamaq böyük zövqdür. Ona görə də belə bir mütəxəssisi məğlub etmək mənim üçün böyük şərəfdir".
Filipe Luis qapıçı Lukaş Qradeçkinin çıxışını da xüsusi qeyd edib: "Qapıçım üç möhtəşəm qurtarış etdi, ən azı ikisi fantastik idi. Ola bilsin, "PSJ" daha yaxşı nəticəyə layiq idi. Amma futbolda nəticə hər şeyi müəyyənləşdirir. Biz bu meydanda işimizin çətin olacağını bilirdik və bəzən həqiqətən də çətin anlar yaşadıq. Amma qalib gəldik".
Qeyd edək ki, "Monako" mövsümün ilk üç oyununda ardıcıl qələbə qazanıb.


