Müdafiəçi Mark Bartra "Real Madrid"lə qarşılaşmada baş verən penalti epizodu barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, görüşdə VAR Bartranın cərimə meydançasına tez daxil olması səbəbindən penaltinin təkrar vurulub-vurulmamasını araşdırıb. Baş hakim Alejandro Ernandes, VAR-da isə Xavyer İqlesias Vilyanueva və Xuan Santana çalışıb.
Bartra bildirib: "Bir neçə tur əvvəl Qaya penalti zərbəsindən əvvəl kiçik bir tullanma etmişdi. Mən tanış hakimdən bunun qaydalara uyğun olub-olmadığını soruşdum. O izah etdi ki, əgər ayaq havadadırsa, penalti təkrar olunmur. Mənim də hər şey qaydasında alındı, amma bir az geciksəydim, cərimə meydançasına daxil olacaqdım. Bu, kiçik bir detal olsa da, çox vacib xallar qazandığımız üçün sevincliyəm".


