Xabi Alonso 'Çelsi'nin İngiltərə Liqa Kubokunun ikinci mərhələsində 'Luton'a qarşı qazandığı 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Alonso oyunçuların əzmkarlığından razı qaldığını bildirib. "Səbirli olmalı idik. 'Luton' müdafiədə fədakarlıq göstərirdi və etibarlı oynayırdı. Belə aşağı müdafiə xətti ilə oynayan komandaya qarşı asan olmayacağını bilirdik. Fasilədə oyunçulara səbirli olmağı və eyni tempdə davam etməyi tapşırdıq. Bu mövsüm ilk dəfə aşağı divizion təmsilçisinə qarşı oynayırdıq və belə üsluba hazır olmalı idik. Bütün aspektlərdə tam heyətə sahib olmaq istəyirik. Keyfiyyət, fərdi bacarıq, gənc və təcrübəli oyunçular baxımından balans vacibdir. Gənclərə dəstək göstərilir, çünki onların inkişafı davam edir. Oyunçuların enerjisi və əhval-ruhiyyəsi məni qane etdi. Azarkeşlər möhtəşəm idi, mövsüm boyu onların dəstəyinə ehtiyacımız var. Bazar günü yenidən buraya qayıdacağıq".
Emiliano Martineslə bağlı yayılan şayiələrə münasibət bildirən Alonso qeyd edib: "Yayda çoxlu söz-söhbət gəzirdi. Bizim paltardəyişmə otağımızda olmayan oyunçular barədə danışmaq istəmirəm. Öz futbolçularımız haqqında danışmağı üstün tuturam".
Enso Fernandesin gələcəyi ilə bağlı suala isə Alonso belə cavab verib: "Heç vaxt dəqiq bilmək olmur. Futbolda gözlənilməz hadisələr və dönüşlər olur, buna hazır olmaq lazımdır. Biz səbirliyik və hazırlaşırıq".


