"Qalatasaray" heyətini yeni hücumçu ilə gücləndirməyə çox yaxındır.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi Ukraynanın "Dinamo" (Kiyev) klubunun gənc istedadı Matvey Ponomarenko ilə şəxsi müqavilə şərtlərini tam razılaşdırıb.
"Sarı-qırmızılılar" 20 yaşlı ukraynalı forvardla 4 illik anlaşma əldə ediblər. Keçid reallaşacağı təqdirdə, Ponomarenko "Qalatasaray"da illik 2 milyon avro maaş qazanacaq.
Tərəflər arasında ciddi danışıqlar davam edir. Kiyev təmsilçisinin bu transferdə əvvəlki sərt mövqeyi artıq yumşalıb. Futbolçunun özü də klubuna təzyiq göstərərək İstanbula yollanmaq istədiyini bildirib.
"Qalatasaray" rəhbərliyi isə transferi tam bitirmək üçün "Dinamo"ya yeni və təkmilləşdirilmiş rəsmi təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, gənc hücumçu son mövsümdə 13 qolla Ukrayna çempionatının bombardiri olub.


