İspaniya millisinin baş məşqçisi Luis de la Fuente növbəti ay keçiriləcək Dünya Çempionatı üçün 26 nəfərlik heyəti açıqlayıb.
Offsideplus.az xəbər verir ki, heyətdə "Barselona"nın 8 futbolçusu yer alsa da, komandanın tarixində ilk dəfə "Real Madrid"dən heç bir oyunçu dəvət almayıb. Dani Karvaxal və Din Hüysen kimi "kral klubu"nun üzvləri heyətdən kənarda qalıb.
Bu qərarın "Real Madrid" azarkeşlərinin narazılığına səbəb olacağı ilə bağlı fikirləri rədd edən de la Fuente, seçimi yalnız idman prinsiplərinə əsasən etdiyini bildirib:
"Mənim üçün ən böyük komanda İspaniya millisidir. Oyunçuların hansı klubdan gəlməsinə baxmıram. Əsas odur ki, ölkələrini təmsil etməkdən qürur duysunlar".
"Barselona"dan Joan Qarsiya, Pau Kubarsi, Erik Qarsiya, Qavi, Pedri, Dani Olmo, Lamin Yamal və Ferran Torres heyətdə yer alıb. Baş məşqçi zədədən bərpa olunan Lamin Yamal, Niko Uilyams və Mikel Merinonun vəziyyətlərinin yaxşı olduğunu və ilk matça hazır olacaqlarına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, İspaniya DÇ-nin H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.


