Dünya futbolunun əfsanəvi simalarından olan Tyeri Anri portuqaliyalı ulduz Kristiano Ronaldonun karyerası ərzində 1000 qol vurmaq hədəfi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, fransalı keçmiş hücumçu, təkcə rəqəmlərin oyunçunun keyfiyyətini tam əks etdirmədiyini vurğulayıb.
Anri öz arqumentini Səudiyyə Ərəbistanı futbolunun tarixinə toxunaraq belə izah edib:
"Məcid Abdullah Səudiyyə Liqasında 500 qol vurub. Bu rəqəm həm mənim, həm də Dieqo Maradonanın vurduğu qolların sayından çoxdur. Bəs bu, onu bizdən daha yaxşı oyunçu edirmi?"
Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Ronaldo, rəsmi matçlarda 1000 qol həddinə çatan ilk futbolçu olmaq niyyətini açıq şəkildə bəyan edib. Lakin Anrinin bu müqayisəsi, qol sayından daha çox, həmin qolların hansı səviyyəli liqalarda və rəqabət mühitində vurulmasının vacibliyinə işarə kimi qiymətləndirilir.
Tyeri Anri karyerası ərzində "Arsenal" və "Barselona" kimi nəhənglərdə qazandığı uğurlarla adını tarixə yazdırsa da, görünən odur ki, o, futbolun statistika deyil, oyun keyfiyyəti tərəfində qalmağa üstünlük verir.


