"Azərbaycan evdə yaxşı oynayır. İnanırıq ki, ilk matçdakı səhvləri təkrarlamayacağıq. Rəqibin topa nəzarət edəcəyini gözləyirik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Farer adaları yığmasının futbolçusu Atli Qreqersen Millətlər Liqasının 5-ci turunda millimizə qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.
- Baş məşqçiniz ilk oyunda səhvlərə yol verdiyinizi dedi. Həmin matçdan bu günə nə dəyişib?
- Biz artıq dünyanı gəzmişik, çoxlu məşq etmişik. Ümid edirəm ki, səhvlərə yol verməyəcəyik. Həmin matçda başabaş oyun getmişdi. İnanıram ki, sabah Azərbaycan daha çox səhv edəcək. Sabah rəqibin topla daha çox oynayacağını gözləyirik. Buna da hazırıq.
- Qrup birinciliyinə şansınızı necə dəyərləndirirsiniz?
- Qələbəyə inanıram. Sabah çətin olacaq. Amma meydana çıxırıqsa, qalib gəlməyi düşünməliyik. İnanıram ki, bu gözəl ölkədən qələbə ilə ayrılacağıq.
- Meydana revanş üçün çıxacaqsınız?
- Revanş çox güclü ifadə olar. Qaldığımız otelin çox yaxşı kollektivi var, bizə yaxşı baxırlar. Azərbaycan xalqını da çox bəyənirəm. Sadəcə, qələbə üçün mübarizə aparacağıq.
- Güc nisbətində hansı komandanı qrup birinciliyinə layiq sayırsız?
- Farer adalarını.
- Halsız görünürsüz və sanki Bakı sizin üçün daha soyuqdur...
- İndiyə qədər eşitdiyim ən qəribə sualdır. Sağlamam, hər şey qaydasındadır. Sabahkı matçına hazıram. Bunu özünüz də görəcəksiniz. Dünyanın ən yaraşıqlı oğlanlarından biriyəm.(qol.az)