Misirli ulduz futbolçu Məhəmməd Salahın karyerasını Səudiyyə Ərəbistanında davam etdirmə ehtimalı gündəmdədir.
Offsideplus.az xəbər verir ki, “Əl-Nəsr” klubu yay transfer pəncərəsində Salahı heyətinə cəlb etmək niyyətindədir və ona həftəlik 1,2 milyon funt sterlinq maaş təklif etməyə hazırdır.
Bildirilir ki, bu təklif gerçəkləşərsə, Salah hazırkı qazancını təxminən üçqat artırmış olacaq. Səudiyyə Pro Liqası rəhbərliyi isə 9 ildir “Liverpul”un formasını geyinən 32 yaşlı futbolçunun transferini liqanın yeni simvolu kimi görmək istəyir.
Qeyd olunur ki, “Əl-Nəsr” rəhbərliyi Salahı Kriştianu Ronaldonun mümkün ayrılığından sonra komandanın əsas ulduzu kimi planlaşdırır. Klubun bu transfer üçün yüksək maliyyə paketi hazırladığı və futbolçunun qərarını gözlədiyi bildirilir.
Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir və bu müddət ərzində Premyer Liqa, Çempionlar Liqası və digər turnirlərdə çempionluqlar qazanıb. Futbolçunun klubla müqaviləsinin gələcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.


