PSJ-nin 3:0 hesabı ilə məğlub etdikləri "Nant" səfərinə təyyarə ilə getməsi sərt tənqid olunub.
Offsideplus.az xəbər verir ki, "Paris-Sen Jermen" sürət qatarı əvəzinə səfər matçına təyyarə ilə yollanıb. PSJ-nin bu addımı qatarla 2 saata çata biləcəkləri yerə təyyarə ilə (1 saat) gedərək havanın çirklənməsinə yol açdığı səbəbi ilə sosial şəbəkələrdə qınaq obyekti olub. Fransa Dəmiryolu şirkətinin direktoru Alen Krakoviç paylaşım edərək bu sözləri deyib:
"Paris-Nant sürət qatarı ilə 2 saatdan da az məsafədədir. Təhlükəsizlik, sürət, xidmət kimi özəl ehtiyaclarınıza görə xüsusi təkliflərimiz olduğunu bir daha xatırladıram".
PSJ-nin baş məşqçisi Kristofer Qaltye ÇL-nin qrup mərhələsi üzrə "Yuventus"la oyundan öncə bu barədə ironiyalı cavab verib: "Bu sualın veriləcəyini gözləyirdim. Düzünü desəm, səyahətlərimizi planlaşdıran şirkətlə bu səhər danışdım. Baxırıq, görəsən səhra gəmisi ilə səyahət etməyimiz alınırmı?".
Qeyd edək ki, daha öncə Leo Messinin də özəl təyyarələrdən sıxlıqla istifadə etməsi tənqid olunmuşdu. Argentinalı ulduzun iyun ayından bəri 52 dəfə özəl təyyarə ilə səyahətə çıxması havanın çirklənməsinə səbəb olub.



