Fransanın "Pari Sen-Jermen" klubu baş məşqçisi Luis Enrike ilə uzunmüddətli yeni saziş imzalamağa yaxındır.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin komandadakı uğurlu fəaliyyəti rəhbərliyi onunla müqaviləni 2030-cu ilə qədər uzatmağa sövq edib.
Yeni müqavilə Luis Enrikeni maliyyə baxımından da yeni zirvəyə daşıyacaq. Mövsümlük maaşı əhəmiyyətli dərəcədə artırılacaq ispan mütəxəssis Avropanın ən çox qazanan ilk 3 baş məşqçisi siyahısına daxil olacaq. Onun mövsümlük gəlirinin təxminən 20 milyon avro civarında olacağı gözlənilir.
Rəhbərliyin bu qərarı verməsində bir neçə mühüm amil rol oynayıb:
-
Gələcəyə İnvestisiya: Klub rəhbərliyi Enrikeni idman layihəsinin mərkəzi fiquru kimi görür və onun gələcəyi ilə bağlı hər hansı qeyri-müəyyənliyi aradan qaldırmaq istəyir.
-
Maddi Səviyyə: Hazırda ayda təxminən 1 milyon avro qazanan Enrikenin maaşı yeni sazişlə demək olar ki, ikiqat artacaq.
-
Mançester Yunaytedin Marağı: "Qırmızı şeytanlar"ın ispan məşqçiyə olan marağı fonunda "PSJ" rəhbərliyi tələsik hərəkətə keçərək onu 2030-cu ilə qədər komandada saxlamağı hədəfləyib.
Xatırladaq ki, Luis Enrikenin hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatırdı. Lakin əldə olunan qarşılıqlı razılıq nəticəsində o, daha 3 mövsüm Paris təmsilçisinin sükanı arxasında qalacaq.


