Bir neçə gün öncə Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.

Qızıl medal qazanan gənc idmançı yarışdan sonra Offsideplus.az-a açıqlama verib. Həmyerlimiz sevincini bölüşüb və gələcək hədəflərindən danışıb. Ruslan Nurullayev yarışın onun üçün uğurlu keçdiyini bildirib:

"Yarış istədiyim kimi keçdi. Həm məndə, həm də komandada hər şey qaydasında idi. Yaxşı çıxış etdik. Bizim bu uğurumuzda əziyyəti olan məşqçilərimə, Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm."

O, turnirdə qarşılaşdığı rəqiblərin güclü olduğunu vurğulayıb və bəzi idmançılardan revanş aldığını qeyd edib:

"Rəqiblərim hamısı güclü rəqiblər idi. Revanş aldığım rəqiblərim oldu. Prinsipial görüşlərim oldu. Çox sevincliyəm ki, sonda qalib oldum."

Gənc güləşçi yarış boyu aldığı dəstəyə görə xalqına, komanda yoldaşlarına və məşqçilərinə təşəkkür edib:

"Komanda yoldaşlarım, məşqçilərim, xalqımız mənə çox dəstək oldu. Şərhlərdə görürdüm, uğurlar arzulayırdılar, dəstəklərini əsirgəmirdilər. Bu dəstəyi görmək mənim üçün çox xoş idi və hər birinə dərin təşəkkürümü bildirirəm."

Gələcək hədəflərindən danışan Ruslan dünya çempionatına hazırlaşacağını və orada da qızıl medal qazanmaq istədiyini söyləyib:

"İnşallah, gələcəkdə də dünya çempionatı var. Ora hazırlaşıram. Çalışacam ki, orada da qalib gələrək bu nəticəmi təkrarlayım."