Bir neçə gün öncə Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. 

Gənc idmançı Offsideplus.az saytına verdiyi açıqlamada həm fərdi uğuruna, həm də komanda hesabında Azərbaycan yığmasının birinci yeri tutmasına görə böyük sevinc hissi keçirdiyini bildirib. Bu qələbənin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Təəssüratlarım çox xoşdur, çünki qızıl medal qazanmaq mümkün oldu. Belə güclü bir ölkənin – Azərbaycanın bayrağını yüksəldə bildiyim və azarkeşlərimi sevindirdiyim üçün çox xoşbəxtəm. Təkcə şəxsi qələbəmə görə deyil, eyni zamanda komandamızın birinci yeri tutmasına görə də sevindim. Bu uğurumuzda böyük payı olan məşqçilərimizə dərin minnətdarlığımı bildirirəm. Baş məşqçimiz Xetaq Qazyumova və məşqçimiz Cəbrayıl Həsənova xüsusi təşəkkür edirəm."

Djioyev hazırlıq prosesində yaradılan şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb:

"Bizim yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün çox yaxşı imkanlarımız var. Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi sayəsində belə gözəl nəticələr göstərə bildik. Onların bizim gələcəyimiz üçün verdiyi töhfəni qeyd etməmək mümkün deyil. Hər şey üçün onlara dərin minnətdarlığımı bildirirəm."

Gənc idmançı gələcək planları barədə də danışıb. O bildirib ki, növbəti hədəf Slovakiyada keçiriləcək Avropa çempionatında uğurlu çıxış etmək və fəxri kürsünün ən yüksək pilləsində yer almaqdır.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında güləşçilərimiz 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb. Sərbəst güləş üzrə millimiz öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə Avropa çempionu olub. Qadın güləşi üzrə millimiz 2 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında növbəti dəfə Avropa üçüncüsü olub. Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medal qazanıb.