"İdeal döyüş gördükdə imtina etməyim qeyi-mümkündür".
Offsideplus.az xəbər verir ki, bu sözləri UFC-də yarışan azərbaycanlı Rafael Fiziyev deyib.
31 yaşlı idmançı martın 9-da UFC313 turniri çərçivəsində ABŞ təmsilçisi Castin Qeyciyə qarşı keçiriləcək döyüş barədə danışıb. O, vaxt qıtlığına baxmayaraq, oktaqona çıxmağa hazır olduğunu nəzərə çatdırıb.
"Açığı, bu, mənim üçün sürpriz oldu. Döyüş barədə qısa bildiriş aldım və razılaşdım - deməliyəm ki, bu, çox risklidir. Ancaq belə çağırış xoşuma gəlir. 10 yaşımdan döyüşürəm - bu, mənim həyatımdır. Əgər sabah oktaqona çıxmağa hazır deyiləmsə, bu gün özümü döyüşçü adlandıra bilmərəm. İstənilən vaxt istənilən rəqiblə döyüşməyə hazır olmalıyam" - deyə Fiziyev vurğulayıb.
Qeyd edək ki, təqvimə əsasən, Castin Qeyci Den Xukerlə qüvvəsini sınamalı idi. Lakin rəqib zədə səbəbindən dünən döyüşdən imtina edib. Belə olan halda, təşkilatçılar Qeyci - Fiziyev görüşünün keçirilməsinə qərar veriblər