Bakıda təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışa 36 ölkədən 258 idmançı qatılıb. Azərbaycanın 32 cüdoçusundan 5-i turniri mükafatla başa vurub. Zelim Tskayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Elşən Əsədov (66 kq) və Vüsal Qələndərzadə (73 kq) bürünc medala sahib çıxıblar.
Yarışın son günü yığmamız uğursuzluğa düçar olub. Ağır çəkilərdə mübarizəyə qoşulan cüdoçularımız azarkeşləri məyus ediblər. Kişilər arasında nə Tuncay Şamil, nə Əli Qazıməmmədov (hər ikisi 90 kq), nə Davud Namazlı, nə Əjdər Bağırov (hər ikisi 100 kq), nə Camal Feyziyev, nə Ramazan Əhmədov, nə Uşanqi Kokauri, nə də Kənan Nəsibov (hamısı +100 kq) fəxri kürsüyə yüksəliblər.
Elə qadınların mübarizəsində də ümidləri doğruldan olmayıb. Nigar Süleymanova ilk mərhələdəcə ukraynalı Kristina Homanaya uduzaraq, yarışla vidalaşıb.