Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində baş tutacaq “Qarabag” – “Nyukasl” qarşılaşmasına görə iş rejimində dəyişiklik edib.
Offsideplus.az xəbər verir ki, AFFA-nın müraciəti əsasında metronun iş vaxtı 1 saat uzadılıb.
Fevralın 18-dən 19-na keçən gecə bütün metro stansiyaları saat 01:00-dək sərnişinlərin girişi üçün açıq olacaq. Yarışın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna ən yaxın nöqtə olan “Gənclik” stansiyasında xüsusi hazırlıq işləri görülüb. Burada sərnişin axınını tənzimləmək məqsədilə əlavə işçi qüvvəsi cəlb ediləcək və gücləndirilmiş nəzarət tətbiq olunacaq.
“Gənclik” stansiyası ilə yanaşı, “Nərimanov” və “28 May” stansiyalarında da təhlükəsizlik və nəzarət mexanizmləri artırılacaq.
Sərnişin sıxlığı yaranacağı təqdirdə xəttə çıxarılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Ümumi qatarların hərəkəti mövcud payız-qış cədvəlinə uyğun davam etsə də, matçın yekununa uyğun olaraq xüsusi tənzimləmələr nəzərdə tutulub.



