Futzal üzrə Azərbaycan yığması Qazaxıstanla sabah keçiriləcək oyunun hazırlığını yekunlaşdırıb.
Offsideplus.az xəbər verir ki, dünən Astanaya gələn futzalçılarımız bu gün matçın keçiriləcəyi Arenada oyunöncəsi məşqini keçib.
Müxtəlif təmrinləri icra edən futzalçılarımız 90 dəqiqə meydanda olub. Hazırlıq prosesindən sonra baş məşqçi Vitali Borisov federasiyanın rəsmi saytına açıqlama verib:
“Komandada ümumi olaraq vəziyyət yaxşıdır. Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələri etməli olduğumuzu dedik. Bakıdan dünən axşam saatlarında yola çıxdıq və bu gün oyunun keçiriləcəyi Arenada matçöncəsi məşqimizi reallaşdırdıq. Arena çox yaxşıdır, parket sürətli oynamağı tələb edir. Ümid edirəm ki, sabah bizi maraqlı görüş gözləyir. Şanslar 50-nin 50-yədir. İlk oyunla müqayisədə heyətimizdə bir dəyişiklik var. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Sojaei ilə əvəzləmişik. Əhval-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib. Uşaqlarda istək böyükdür. Müsbət nəticə qazanmaq üçün sanki alışıb-yanırlar”.