"Xəzər" Kikboksinq İdman Klubunun ikinci açıq çempionatı keçirilib. 

Offsideplus.az xəbər verir ki, turnir Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev və federasiyanın 1-ci vitse-prezidenti Ramal Aslanovun dəstəyilə keçirilib. Yarışın açılış mərasimində  iştirak edən yeniyetmə və gənc kikboksçulardan ibarət millimizin baş məşqçisi Hikmət Hacıyev  bütün idmançılara uğurlar arzulayıb.

Paytaxt və bölgələrimizdən 25 klubun iştirak etdiyi yarışda 320 idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Çempionatda uğurla çıxış edən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti 21-i qızıl, 6-sı gümüş, 7-si bürünc olmaqla 34 medal qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənclərdən ibarət millisinin baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev idmançıların çıxışını yüksək qiymətləndirib: "Yarış yüksək səviyyədə keçdi. Bizim üçün ilin ilk yarışı idi. Bunun öhdəsindən layiqincə gəldik. Qarşıda bizi xeyli yarış gözləyir. İndi əsas diqqətimiz növbəti turnirlərə yönəlib".

Qeyd edək ki, bu yarışlar Türkiyənin İstanbul (25 avqust-3sentyabr) şəhərində WAKO üzrə keçiriləcək yeniyetmə və gənclərin Avropa birinciliyinə seçim xarakteri daşıyır.