Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycan millisi 26-30 Oktyabr tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək Dünya çempionatına yollanıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 məşqçi, 3 hakim və 28 idmançı və federasiya rəsmiləri yer alıb.
Kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, eləcə də böyük məşqçilər Seymur Xudaverdiyev və Şahin Atamov 14-15 yaşlı yeniyetmələrdə 10 karateçinin, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 9 idmançının çıxışına üstünlük verib. Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyev həmkarları ilə birgə idmançıları yarışa çıxaracaq.
Kumite yarışlarında 14-15 yaşlı yeniyetmələrdən İsmayıl Xamoyev (-52 kq), Aslan Dostuyev (-57 kq), Mirzə Həmidbəyli (-63 kq), Cahangir Qayıbov (-70 kq), Əzim Rahib (70+ kq), Pərvin Hüseynzadə (-47 kq), Gülay Orucova (-54 kq) və Sofiya Hüseynli (54+ kq), 16-17 yaşlı gənclərdən Fərid Savadov (-55 kq), Salman Əlirzayev (-61 kq), Rəşid Süleymanov (-68 kq), Rumil Jəfərli (-76 kq), Vahid Həsənov (76+ kq), Fatimə Cəbrayılova (-48 kq), Aysu Əliyeva (-50 kq), Aysel Qasımova (-59 kq) və Nuray Nağiyeva (59+ kq), 21 yaşadək gənclərdə isə Əminağa Quliyeva (-60 kq), Nuran Rzazadə (-67 kq), Fərid Ağayev (-75 kq), Hüseyn Hüseynzadə (-84 kq), Osman Osmanlı (84+ kq), Xumar Əlibəyova (-50 kq), Fatma Zeynalova (-55 kq) və Ayla Rzazadə (-61 kq) medallar uğrunda mübarizə aparacaq.
Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov 3 idmançını, o cümlədən 14-15 yaşlı yeniyetmələrdə Salman Salmanov və Ramilə Heydərovanı, həmçinin 21 yaşadək gənclərdə Həsənəli Həsənovu müşayiət edəcək.
Beynəlxalq hakimlərdən Cahangir Babayev, Vüqar Kərimov və yarışqabağı kumite üzrə ən yüksək dərəcə imtahanı verən Rənad Əliyev yarışın referiləri arasında olacaq.
Konyada Yeniyetmə və gənclərin 12-ci Dünya çempionatında 105 ölkədən 1830 karateçi iştirak edəcək. 3 yaş qrupuna bölünən idmançılar 35 kateqoriya üzrə 140 medal uğrunda mübarizə aparacaq.
Yarışdan bir gün əvvəl, 25 Oktyabrda Dünya Karate Federasiyasının növbədənkənar Konqresin və bu mötəbər tədbirdə Dünya Karate Federasiyasının (WKF) İdarə heyətinə seçki keçiriləcək. WKF-in Texniki Komissiyasının və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov seçkinin qalibi olmağa namizədlərdən biridir.